Aqşin YENİSEY
Ölkə 11:13 04.08.2022

Dövləti müharibə yaradır, din qoruyur, elm inkişaf etdirir

Rus sosioloqu Mixail Engelqardt "Tərəqqi qəddarlığın təkamülü kimi” kitabında müharibəni dövlətin anası kimi göstərir. Yəni dövlətlər müharibələrdən doğulub. Ortaq düşmənə qarşı ibtidai həmrəylik sonunda ilk dövlətlərin yaranmasına gətirib çıxarıb. Daha sonra dövlət özünü müxtəlif sosial-ictimai təssisatlarla möhkəmlədirməyə calışıb. Nizami ordu, təhsil sistemi, səhiyyə sistemi və s. Bunların arasında biri var ki, dövlət yarandığı gündən bəri onun gah arxasında, gah önündə, gah da yanında olub: Bu dindir! 

Bu gün belə İranda din dövlətin özüdür, Türkiyədə din dövlətin ortağıdır, Ermənistanda din dövlətin dayəsidir, keçmiş ateist sovet imperiyasının varisi olan Rusiyada isə dinlə dövlət yavaş-yavaş aralarındakı  sovetdənqalma düşmənliyi unutmağa, Allahla çarı yenidən dostlaşdırmağa can atır. Putinin tankları Ukrayna cəbhəsinə yollanarkən Rus Pravoslav Kilsəsinin patriarxı, ya da hansısa bir yepiskopu (dəqiq yadımda deyil) cəbhədə uğur qazansınlar deyə əlinə bir süpürgə alıb tankların üzərinə xaç suyu çiləyirdi. Amma beş aydır davam edən müharibədə ən çox məhv edilən də bu tanklar oldu. "Javelin” raketləri bir daha göstərdi ki, texnologiya, peşəkarlıq din, iman, fövqəlgüc-filan tanımır.  

Hətta Robespyerdən ilhamlanan ateist ideologiyalı sovet imperiyası da İkinci Dünya müharibəsi zamanı səhvini anlayıb kilsəyə, dinə qarşı amansız münasibətini yumşaltmışdı. Müharibə bu ateist dövlətə dinin ona mütləq lazım olacağını başa salmışdı.
Ümumiyyətlə, tarixi gedişat göstərir ki, dövləti dinin, dini dövlətin içindən tamamilə sıyırıb çıxarmaq indiyə kimi heç bir halda mümkün olmayıb, hətta elə dövlətlər, imperiyalar olub ki, dini müharibələrin nəticəsi olaraq tarix səhnəsinə çıxıblar. Məsələn, İsrail dövləti, Ərəb (islam) xilafəti və s.  

Yazı tarixinin başlanğıcına getsək görərik ki, tarixin sonrakı dövrlərində dini liderlərə aid edilən müqəddəslik sifəti qədim Şumer, Misir, Roma dövlətlərində dövlət başçılarına aid edilirdi. Bu qədim dövlətlərdə din xadimləri olan rahiblər, kahinlər daha çox dövlətin metafizik işlərinə baxan məbəd məmurları idilər və heç bir müqəddəslik statusları yox idi. Qədim dövlətlərdə tanrılar dini liderləri (peyğəmbərləri) deyil, kralları seçirdi, ona görə də kral müqəddəs hesab olunurdu və ona itaət Allaha itaətlə eyniləşdirilirdi. Misir fironları (Tutanxamon), bəzi Roma kralları (Kaliqula) hətta özlərini tanrı elan etmişdilər. 

Peyğəmbərli dinlər olan iudaizm və islamda dini liderlər (İbrahim və Məhəmməd peyğəmbər) həm də dövlət başçıları olduqları üçün avtomatik müqəddəslik statusu da qazandılar. Müqəddəslik statusunun dövlətin üzərindən dinin üzərinə köçürülməsi sonradan baş vermiş prosesdir.
Tarixdə dinlə bərabər yaranan dövlətlər olduğu kimi dövlətçilik düşüncəsindən ayrı yaranıb, sonradan dövləti ələ keçirən dinlər də olub, məsələn, manixeizm, buddizm, xristianlıq və s. Məşhur şərqşünas tarixçi Bernard Lyuis özünün "Orta Şərq” kitabında yazır ki, IV əsrin birinci yarısında xristianlıq Roma sisteminə etiraz olaraq böyüdü və geniş yayıldı. Bir çox hallarda xristianlığa tolerantlıq göstərilsə də, bu din öz kilsəsini qurmaq istəyirdi. Özünəməxsus quruluşu, sistemi, iyerarxiyası, idarəçiliyi, qanunları və məhkəmələri ilə kilsə getdikcə bütün Roma dünyasına hakim oldu. İmperator Konstantin (311-337) xristianlığı qəbul edəndə isə xristianlıq Roma imperiyasını, eyni zamanda Roma imperiyası da xristianlığı ələ keçirdi. Xristianlığın Romanı ələ keçirməsi ilə Avropa min il davam edən, sonradan "Qaranlıq çağ” adlanacaq bir dövrə qədəm qoydu. 

Modern çağın astanasında mətbəənin ixtirası və kağızın ucuzlaşması intellektual həyatı stimullaşdırdı. Bir az obrazlı düşünsək, deyə bilərik ki, Lüter və onun protestantizmi Qutenberqin mətbəəsindən çıxmışdı. Lüter sekulyarizmin ilk qaranquşu idi. Qərb intellektində belə bir yanaşma var ki, Qərb demokratiyası özü də xristian inancının təkamülünün nəticəsidir. Yəni mənşəcə dinidir. Konkret olaraq Arnold Toynbi, Bassam Tibi kimi müəlliflər liberal-demokratiyanın bir protestant-xristian düşüncəsinin məhsulu olduğunu Lüter protestantlığının xristianlığın daxilində alternativin mümkünlüyünə yol açmasıyla əlaqələndirirlər. Tanrının fikrinə qarşı çıxmaq mümkündürsə, kralın fikrinə qarşı çıxmaq niyə mümkün olmasın? Demokratiya protestantlığın bu suala verdiyi cavabdır. Biz aşağıda görəcəyik ki, yaşadığımız post-sekulyarizm çağında bir çox dövlətdə din artıq doqmaların, ehkamların deyil, demokratik dəyərlərin müdafiəçisi kimi çıxış edir.

XVIII əsrin ikinci yarısında Amerika və Fransada baş verən inqilablar dövlət və din arasındakı münasibətlərə yeni bir aydınlıq gətirdi: bu inqilablar nəticəsində ilk dəfə dünyəvi dövlət modeli ortaya çıxdı. 1776-cı ildə Amerika İnsan Haqları Bəyannaməsi, 1789-cu ildə isə Fransız İnqilabı İnsan Haqları Bəyannaməsi qəbul edildi. Bu bəyannamələrdə bütün insanların azad və bərabər doğulduqları, dini baxımdan istədikləri kimi düşünmək və hərəkət etməkdə sərbəst olduqları ifadə edilirdi. Sekulyar sözünün mənası da latınca "saeculum” sözündən gələn və kilsə hüququnda bir din fədaisinin monastırdan ayrılıb "dünyəvi şəxsiyyət” olmasını bildirir.

Fransız inqilabı, Rusiyada və bir çox ölkədə reallaşan kommunist çevrilişlər nətisəcində müvəqqəti olaraq dinlə dövlət arasında kəskin sərhədlər çəkilsə də, bu ayrılıq, sadəcə, görüntüdə yaşandı. Əslində, bu ateist təcrübələr din və dövlətin bir-birilərindən uzun müddət ayrı yaşaya bilməyəcəklərini sübut etdi. Biz bunu yuxarıda müharibə aparan SSRİ nümunəsində göstərdik.

Bu gün artıq dünya post-kommunizm və post-sekulyarizm, post modernizm dövrünü yaşayır. Dünyanın ən dünyəvi dəyərlərinə tapınan həmin o ateist Fransa, ABŞ kimi ölkələrdə dövlət dini layihələri maliyyələşdirməklə məşğuldur. Dinin dövlətə geri dönüşü isə daha maraqlı proseslərlə izlənilir. Vaxtilə dövlət dini sekulyarizmə dəvət və məcbur etdiyi kimi, bu gün din dövləti bir çox ölkədə sekulyarizmə, modern insan haqlarına hörmətlə yanaşmağa dəvət və məcbur edir.

Bu gün dinlər təkcə dini azadlıqlar üçün deyil, bir çox hallarda bütün modern azadlıqlar və hüquqlar üçün ictimai səhnəyə cıxırlar, demokratik vətəndaş cəmiyyətinin hüquqlarından yana olduqlarını nümayiş etdirirlər. Polşa, İspaniya və Braziliyada Katolik kilsəsi demokratikləşmə proseslərində aktiv iştirak edib və edir. Yaxud ABŞ-dakı Katolik ruhanilər dövlətin nüvə siyasətini və kapitalizmin sosial ədalətsizlik yaradan quruluşunu tənqid edirlər və s. Ən azı, üzdə də olsa, post-sekulyarizm çağında din özünü daha dünyəvi bir tərəf kimi aparmağa çalışır. Kim bilir, bəlkə də, bu dəfə dinin hədəfi dünyəvi cahilləri ovlamaqdır.  

Dünyəvilik prinsipinə söykənən İngiltərə, İtaliya, İspaniya və Hollandiya kimi bir çox Avropa ölkələrində ibadət yerlərinin tikintisi və qorunması üçün bu gün dövlət resurslarından istifadə olunur. Eynilə Belçika, Yunanıstan, Lüksemburq, İtaliya və İspaniyadakı dini icmalar dövlət tərəfindən dəstəklənir: Almaniya, Avstriya, İsveçrə, Danimarka, Norveç və Finlandiya əyalətləri kilsə üçün vergi yığır. 

Din-dövlət münasibətləri mövzusunda aparılan bir çox araşdırma demokratik ölkələrin çoxunda dinlə dövlət arasında kəskin sərhədlərin olmadığını üzə çıxarır. Avropada İngiltərə, Danimarka, Norveç, İslandiya, Finlandiya kimi ən qədim demokratik dövlətlərdə belə dövlət kilsələrinin mövcudluğu buna əyani sübutdur.

Bütün bu sadaladığımız faktlar onu göstərir ki, dinin dövlətdən ayrıldığı iddiası bir Qərb illuziyasıdır. Gedən proseslər isə onu göstərir ki, bu gün dinin dövlətə deyil, daha çox dövlətin dinə ehtiyacı var. Təhsilin ödənişli olması, böyük bir kasıb təbəqənin təhsil almaq hüququnu itirməsi ilə gələcəkdə cəmiyyətin idarə olunmasında dinin rolunu əhəmiyyətli dərəcədə böyüdəcək.  

Şərq ölkələrinə gəlincə, türk professor İlbər Ortaylının da dediyi kimi, nə yəhudilikdə, nə də islamda din dövlətdən ayrı heç vaxt mövcud olmayıb və bundan sonra da hələ uzun müddət belə davam edəcək. 

Onlardan ikisindən birinin yoxluğu, hər ikisinin yoxluğu deməkdir. Lakin tarixi təcrübə göstərir ki, bəzən dövləti din də xilas edə bilmir. Məsələn, Səfəvilər dövlətinin aqibəti buna əyani sübutdur.

Aqşin Yenisey